21 Yanvar 2018Bazar
XƏBƏR LENTİ

2017-ci il

14px12px

16.10.17

“Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı” icra olunur

“Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”nın icrası işlərinin davamı olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən 4 nəfər gənc (Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə) Türkiyə Respublikasında təşkil olunan peşə reabilitasiyası tədbirlərində iştirak etmək üçün qardaş ölkəyə göndərilib.
Xatırladaq ki, proqram çərçivəsində cari ilin may-sentyabr aylarında  Türkiyədən ayrı-ayrı qruplar şəklində ümumilikdə 15 nəfər sağlamlıq imkanları məhdud gənc (15 nəfər müşahidəçi ilə birgə) 15 gün müddətində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşə hazırlığı kurslarında iştirak ediblər. Bu istiqamətdə işlərin davamı olaraq, həmin mərkəzdən olan 20 nəfər gəncin (20 nəfər müşahidəçi ilə birgə) də ayrı-ayrı qruplar formasında Türkiyəyə təlim səfərinə göndərilməsi nəzərdə tutulub ki, artıq onlardan bir qismi yola salınıb. Gənclər 15 gün müddətində Ankarada sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası ilə məşğul olan mərkəzlərin təcrübəsi ilə tanış olacaq, müxtəlif peşə hazırlığı kurslarında iştirak edəcəklər. Kursları bitirdikdən sonra isə onlara peşə sertifikatlarının təqdim olunması nəzərdə tutulur.
Gənclərin yola salınması zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin insanların tibbi-sosial reabilitasiyasına yönələn tədbirlərin ildən-ilə gücləndirildiyi vurğulanıb. Bildirilib ki, həmin insanların  əmək bazarına çıxış və reabilitasiya imkanlarının genişləndirilməsi də diqqətdə saxlanılır. Dövlət başçısının iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə xüsusi önəm kəsb edir və cari ilin 1 oktyabr tarixinədək həmin mərkəzdə 1215 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul olunub. Mərkəzdən gənclərin Türkiyəyə təlim səfərinə göndərilməsi də onların peşə reabilitasiyasına, ümumən sosial inteqrasiyasına xidmət edən tədbirlərdən biridir.
Qeyd olunan işlər Dövlət Sosial Müdafiə Fondu və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”nın birgə icrasına dair cari ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Proqramın məqsədi Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan  sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq mərkəzlərin işi ilə əyani tanışlığına, təşkil edilən peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakına  şərait yaratmaqdır.
Yola salınan əlilliyi olan şəxslər onların tibbi və sosial reabilitasiyasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, onlar üçün qardaş ölkəyə təlim səfərlərinin təşkil edilməsindən məmnun olduqlarını bildiriblər.





 






859 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

414
235054
17595309