3 Dekabr 2016Şənbə
XƏBƏR LENTİ

Haqqında

14px12px

Fond haqqında

Bu günkü  Azərbaycan  Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə  Fondunun formalaşması tarixi, ölkəmizdə iqtisadi münasibətlərin, eləcə də sosial sığorta və pensiya təminatı üzrə köklü dəyişikliklərin dinamikası ilə birbaşa əlaqəlidir.


Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycanda sosial sığorta və pensiya məsələləri müstəqil respublika qanunvericiliyi çərçivəsində deyil, ümumittifaq qanunvericiliyi çərçivəsində inkişaf etmişdir.

Sovet pensiya təminatı sistemi «haqqı ödəmədən sığorta» prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrinin ödənişlərindən götürülürdü.

Bu tipli pensiya təminatının maliyyə modeli, habelə pensiyaçıların sayının müntəzəm olaraq artması mövcud pensiya sisteminin sabit fəaliyyətinə mənfi təsir göstərirdi. 1980-ci illərdə ölkədə təsərrüfat formalarının dəyişməsi, əksər müəssisələrin təsərrüfat hesabı və özünümaliyyələşməyə keçməsi onlarda çalışan işçilərin gələcək təminatını çətinləşdirirdi.

1990-cı ildə SSRİ Sosial Sığorta Fondu yaradıldı və tabeçiliyindən asılı olmayaraq, bütün müəssisə, idarə, təşkilat, kooperativ, sovxoz, kolxoz və digər təşkilatların onun hesabına ayırmalar etməsi qərara alındı. Bundan sonra "Azərbaycan SSR-də sosial sığorta üzrə idarəçiliyin təkmilləşdirilməsi və maliyyələşdirmə qaydası haqqında" Azərbaycan SSR Nazirlər Kabinetinin və Həmkarlar İttifaqlarının Azərbaycan Respublika Şurasının qərarı ilə (08. 05. 1991) Həmkarlar İttifaqlarının Azərbaycan Respublikası Şurasının nəzdində Azərbaycan SSR Sosial Sığorta Fondu yaradıldı.

"SSRİ Pensiya Fondunun yaradılması haqqında" SSRİ Nazirlər Sovetinin Qərarı ilə (15.08. 1990) pensiya təminatını maliyyələşdirəcək SSRİ Pensiya Fondu təşkil olundu və SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi yaradıldı. SSRİ Pensiya Fondu tərəfindən rəsmiləşdirilən "SSRİ Pensiya Fonduna sığorta haqlarının ödənilməsi və uçotu, SSRİ Pensiya Fondunun vəsaitlərinin xərclənməsi qaydası haqqında" qərarda Pensiya Fonduna SSRİ Sosial Sığorta Fondu ilə birlikdə sığorta haqlarının toplanmasının təmin edilməsi həvalə olundu.

Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlandı. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (16.12.1991) SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrildi.

"Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə 1 iyun 1992-ci il tarixdən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin Respublika Pensiya Fonduna, 15%-inin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu.

Sosial sığorta və pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Fərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaradıldı. Müstəqil maliyyə-bank sisteminə malik olan DSMF-yə Azərbaycan Respublikası ərazisində dövlət pensiya təminatının, müavinət və ödəniş xərclərinin maliyyələşdirilməsi başlıca vəzifə kimi həvalə olundu.

1997-ci ildə «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqan kimi daha da təkmilləşdi.

Ölkədə sosial sığorta və pensiya təminatı məsələlərinin Avropa standartlarına uyğun qaydada tam formalaşmasını nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası»nın icrası məqsədilə 2001-2005-ci illərdə həyata keçirilən tədbirlər Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin keyfiyyətlə yenidən qurulmasını şərtləndirmişdir.

2001-ci il noyabrın 27-dən «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Fond dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.

Konsepsiyanın müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında» 04 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları məcburi dövlət sosial sığortası və fərdi uçot sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Bununla da İslahat Konsepsiyasında nəzərdə tutulan yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur.

Ölkədə vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 22 dekabr 2006-cı il tarixli 498 və 499 nömrəli fərmanlara əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına və əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu əsasda Fondun Əsasnaməsinə bir sıra dəyişikliklər edilmiş, o cümlədən dövlətin əmək pensiyaları sahəsində siyasətinin istiqamətlərinə dair təkliflər hazırlanması və bu siyasətin həyata keçirilməsi əsas vəzifələrə aid edilmişdir.

Sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırıldı.

«Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların təyin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilati statistik məlumatın yığılması işlərini həyata keçirəcəkdir».

 


(Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli
Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası»ndan)





  Yarandığı tarixdən hazıradək Fonda aşağıdakı şəxslər rəhbərlik etmişdir:

 

  1. Əvəz Əkbər oğlu Ələkbərov - 1992-ci il 30 sentyabr - 1999-cu il 11 iyul
  2. Zakir Hadı oğlu Babayev - 1999-cu il 11 iyul - 2002-ci il 17 dekabr
  3. Səlim Yanvar oğlu Müslümov - 2002-ci il 17 dekabr - 2013-cü il 22 oktyabr
  4. Elman Lütvü oğlu Mehdiyev - 2013-cü il 02 dekabr - 2016-cı il 18 mart





34018 - dəfə oxunulub
1600
19728
13697633