AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Əmək pensiyalarının təyin edilməsi üçün təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması
Q A Y D A L A R I
I.Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək pensiyasının təyin edilməsi, bir pensiya növündən digər pensiya növünə keçirilməsi və pensiyaların yenidən hesablanması üçün təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.
1.2. Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur:
əmək pensiyası üçün müraciət - şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına əmək pensiyasının təyin edilməsi, bir pensiya növündən digər pensiya növünə keçirilməsi və pensiyaların yenidən hesablanması üçün ərizənin təqdim olunması;
yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qocalar və əlillər üçün evlər və digər bu kimi yaşayış yerləri;
faktiki yaşayış yeri - şəxsin qeydiyyata alınmadan daimi və ya daha çox yaşadığı yer;
əmək pensiyasını təyin edən orqan - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası İdarəsinin yerli orqanları (bundan sonra-şöbə);
əmək pensiyası sənədləri -əmək pensiyası üçün müraciət edən şəxsə pensiyanın təyin olunmasını və hesablanmasını müəyyənləşdirən sənədlər toplusu;
pensiyaçının uçot vərəqi - əmək pensiyaçısının əmək pensiyası sənədləri üzrə müvafiq məlumatları əks etdirən, şöbədə hərəkətdə və uçotda olan sənəd;
şəxsi hesab - əmək pensiyaçısının əmək pensiyası sənədləri üzrə aldığı pensiya məbləğini və əmək pensiyasından tutulmanı əks etdirən, şöbədə hərəkətdə və uçotda olan mühasibat sənədi.
II. Əmək pensiyasının təyin olunması üçün müraciət
2.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
2.2. İşləyən şəxslərə və onların ailə üzvlərinə (ailə başçısını itirdikdə) əmək pensiyasının təyin olunması haqqında ərizə (1 nömrəli əlavə) axırıncı iş yerinin müdiriyyətinə (idarə heyətinə) verilir.
Müdiriyyət həmkarlar ittifaqı komitəsi ilə birlikdə ərizənin alındığı vaxtdan etibarən 10 gün müddətində sosial sığorta stajı və əmək haqqı barədə lazımı sənədləri hazırlayır və rəsmiləşdirir. Sonra ərizəni bu sənədlər və öz təqdimatı ilə birlikdə ərizəçinin yaşayış yeri üzrə şöbəyə göndərir (2 və 3 nömrəli əlavələr).
2.3. Тəqdimatda onun verildiyi tarix, hüquqi şəxsin adı, ünvanı, telefon nömrələri, pensiya təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyanın növü, himayəsində olan əmək qabiliyyəti olmayan ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci və 9.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na və 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»na uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə qeydlər təqdimatda ayrıca yazılır, ümumi və xüsusi sosial sığorta stajları cəmlənərək hüquqi şəxsin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.4. Əmək pensiyası üçün işlədiyi təşkilatın müdiriyyətinə və ya həmkarlar ittifaqı komitəsinə müraciət etmiş şəxs, onu pensiya təyin olunmasına təqdim etməkdən imtina edilməsi barədə qərar qane etmədikdə o, birbaşa şöbəyə müraciət edə bilər.
2.5. Azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin pensiya təyin olunması üçün müraciəti azadlıqdan məhrum etmə müəssisəsinin müdiriyyəti vasitəsilə təqdim edilir.
2.6. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar həmin şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Тəminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
2.7. İşləməyən şəxslər isə əmək pensiyasının təyin olunması üçün birbaşa daimi yaşayış yeri üzrə şöbəyə müraciət edirlər. Bu müraciət onların adından nümayəndələri tərəfindən də edilə bilər.
Fərdi qaydada əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də əmək pensiyasının təyin olunması üçün şöbəyə müraciət edirlər.
2.8. Pensiya təyin olunması üçün ərizə poçt vasitəsi ilə də göndərilə bilər.
2.9. Əmək qabiliyyəti olmayan uşaqlara ailə başçısını itirməyə görə pensiyanın təyin olunması üçün onların valideyninin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşayış yeri üzrə şöbəyə müraciət olunur.
2.10. Əmək qabiliyyəti olmayan 16 yaşından yuxarı şəxslər bu Qaydalara uyğun olaraq əmək pensiyasının təyin olunması üçün müstəqil şəkildə müraciət edə bilərlər.
III. Əmək pensiyasının təyin olunması üçün ərizələrin qeydiyyata alınması və onlara baxılması qaydaları
3.1. Pensiyaların təyin olunması, yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilmə haqqında ərizələr bütün zəruri sənədlərlə birlikdə şöbəyə daxil olduğu gün kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən ərizələrin qeydiyyatı jurnalında qeydiyyatdan keçirilir ( 4 nömrəli əlavə).
Jurnalın qrafalarında daxil olan müraciətlərin sıra nömrəsi, ərizələrin şöbəyə daxil olma tarixi, ərizənin qısa məzmunu və təqdim olunan sənədlərin adları qeyd edilir.
3.2. Ərizə və digər sənədlər poçtla göndərildikdə, jurnalın daxil olma tarixi qrafasında «poçtla göndərilmişdir» ifadəsi əlavə edilir və şöbəyə daxil olma tarixi ərizəçinin müraciət tarixi hesab olunur.
3.3. Тibbi sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri də kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən jurnalda qeydiyyatdan keçirilir.
3.4. Şöbəyə daxil olan ərizə və ona əlavə edilmiş sənədlər qeydiyyatdan keçirildiyi gün şöbə müdirinin dərkənarına əsasən jurnalda müvafiq qeydlər aparılmaqla dərhal Pensiya təyinatı sektorunun müdirinə təqdim edilir, sektor müdiri sənədlərlə tanış olduqdan sonra onları qərar layihəsini hazırlamaq üçün Pensiya təyinatı sektorunun sahə məsləhətçisinə verir.
3.5. Ərizə və ona əlavə edilmiş sənədləri alan Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəni komissiyanın qərarlarının qeydiyyatı jurnalında şöbəyə daxil olduğu tarix göstərilməklə qeydiyyatdan keçirir (5 nömrəli əlavə).
Komissiyanın qərarlarının qeydiyyatı jurnalının qrafalarında daxil olan müraciətlərin sıra nömrəsi, ərizənin daxil olduğu tarix, ərizəçinin soyadı, adı, atasının adı, ərizənin məzmunu, pensiya təyin edən komissiyanın qərarının tarixi, qərarın məzmunu, əmək stajı və orta aylıq əmək haqqı barədə məlumat, pensiyanın ümumi məbləği və pensiya vəsiqəsinin verilməsi haqqında qeydlər əks edilir.
3.6. Ərizə və ona əlavə olunmuş sənədləri alan Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçinin şəxsiyyət vəsiqəsi və təqdim etdiyi digər sənədləri onların əsli ilə üzləşdirir.
Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər aşkarlanarsa, həmin sənədlərin siyahısı ərizənin xüsusi hissəsində (kəsim xəttindən aşağıda) qeyd olunur və həmin siyahı ərizəçiyə verilir.
Çatışmayan sənədlərin siyahısı ərizə və sənədləri təqdim edən şəxsə verilir, sənədlər poçt vasitəsilə alındıqda isə şəxsin ünvanına göndərilir. Ərizəçi tərəfindən imzalanmış və ya poçtla göndərilmiş çatışmayan sənədlərin siyahısının surəti pensiya işinə əlavə olunur.
Pensiyanın təyin olunması üçün tələb edilən sənədlərin siyahısı bu Qaydalarda əks olunmuşdur (10 nömrəli əlavə).
3.7. Əmək stajının şahid ifadələrinə əsasən bərpa olunması zərurəti yarandıqda Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçiyə və ya ərizəçinin nümayəndəsinə iş stajının şahid ifadələrinə əsasən məhkəmə qaydasında bərpa olunması qaydalarını izah edir.
3.8. Ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan hər bir əlavə sənəd ərizə ilə birlikdə şöbəyə daxil olduğu tarix göstərilməklə 3.1-ci bənddə göstərilən qaydada qeydiyyatdan keçirilir və şöbə müdirinin dərkənarına əsasən icra üçün 3.4-cü bənddə göstərilən qaydada Pensiya təyinatı sektorunun müdirinə və Pensiya təyinatı sektorunun məsləhətçisinə verilir.
3.9. Bir pensiya növündən digər pensiya növünə keçirilmə, pensiyanın yenidən hesablanması haqqında ərizə və tələb olunan bütün zəruri sənədlər də yuxarıda göstərilən qaydada qəbul olunur və qeydiyyatdan keçirilir.
3.10. Pensiyanın təyin olunması, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, bir pensiya növündən digər pensiya növünə keçirilməsi və pensiyanın yenidən hesablanması haqqında sənədlərə onların daxil olduğu gündən ən geci 10 gün müddətində şöbə tərəfindən baxılmaqla təyin edilir.
Pensiya təyin edən komissiya pensiyanın təyin olunmasının rədd edilməsi barədə qərar qəbul etdikdə, 5 gün ərzində rədd cavabının səbəblərini göstərməklə qərarın surətini bütün sənədlərlə birlikdə idarə, müəssisə, təşkilata və ya ərizəçiyə göndərir.
IV. Əmək pensiyasının təyin olunması barədə müraciətlərə baxılması və qərarların icrası qaydaları
4.1. Pensiyaların təyin olunması, yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilməsi barədə müraciətlərə şöbənin müdirinin əmri əsasında, Şöbə müdirindən (sədr), Pensiya təyinatı sektorunun müdirindən (üzv), Maliyyə-uçot sektorunun müdiri-baş mühasibdən (üzv) ibarət tərkibdə yaradılan «Pensiya təyin edən komissiya» tərəfindən baxılır.
4.2. Komissiya pensiyaların təyin olunması, yenidən hesablanması və bir pensiya növündən digər pensiya növünə keçirilməsi haqqında müraciətləri müzakirə edir.
4.3. Pensiyanın təyin olunması üçün tələb edilən sənədlər təqdim edildikdən sonra Pensiya təyinatı sektorunun məsləhətçisi 2 gün müddətinə komissiyanın qərar layihəsini hazırlayaraq komissiya üzvlərinə təqdim edir.
4.4. Komissiya qərar layihəsi ilə razılaşmadıqda 2 gün müddətinə öz irad və təkliflərini bildirməklə sənədləri Pensiya təyinatı sektorunun məsləhətçisinə qaytarır.
4.5. Komissiyanın iclası müəyyən olunmuş qrafik üzrə həftədə bir dəfə keçirilir.
Komissiyanın iclasına şöbə müdiri sədrlik edir. Sədr üzürlü səbəblərə görə (məzuniyyət, xəstəlik, ezamiyyə və s.) komissiyanın işində iştirak etmədikdə, müdir vəzifəsini icra edən şəxs komissiyanın tərkibini üç nəfərdən ibarət təşkil etməklə iclasa sədrlik edir.
4.6. Sənədlər Pensiya təyinatı sektorunun məsləhətçisi tərəfindən aşağıdakı ardıcıllıqla tikilir: komissiyanın qərarı, ərizə, əmək stajını və əmək haqqını təsdiq edən sənədlər, əmək haqqı barədə arayış, pensiyanın üzərinə əlavələrin hesablanması üçün təsdiqedici digər sənədlər. Yoxlama aktları yoxlanılan sənəddən sonra tikilir və bütün sənədlər nömrələnir.
Ərizəçinin təqdim etdiyi sənədlərin əsli də komissiyaya təqdim olunur. Pensiya təyinatı məsələsinə komissiyada baxıldıqdan sonra sənədlərin əsli ərizəçiyə qaytarılır. Komissiya pensiya təyin olunması haqqında qərar çıxardıqda, əmək kitabçasının titul vərəqinin yuxarı sağ küncündə «pensiya təyin edildi» ştampı vurulur və Pensiya təyinatı sektorunun müdiri tərəfindən imzalanır.
4.7. Pensiya təyin olunmasının rədd edilməsi haqqında qərar layihəsi hazırlanarkən mübahisəli hallar yarandıqda komissiyanın iclasına ərizəçi və ya onun qanuni nümayəndəsi də dəvət oluna bilər.
4.8. Komissiyanın qərarı sadə səs çoxluğu ilə qəbul edilir. Qərar komissiyanın bütün üzvləri tərəfindən imzalanır (6 nömrəli əlavə).
Komissiya üzvü səs çoxluğu ilə qəbul edilən qərarla razılaşmırsa, o, rəyini yazılı şəkildə bildirir. Onun rəyi protokola tikilir və əmək pensiyası sənədləri ilə birlikdə araşdırılmaq üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna, Naxçıvan Muxtar Respublikası üzrə isə Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası İdarəsinə göndərilir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası İdarəsi pensiya təyin olunmasına dair komissiya üzvləri arasında yaranmış fikir ayrılığını araşdırdıqdan sonra pensiya təyinatına komissiyada yenidən baxılır.
4.9. Komissiyanın pensiya təyinatı ilə qəbul etdiyi qərarlar üzrə əmək pensiyası sənədləri komissiya tərəfindən yenidən Pensiya təyinatı sektorunun məsləhətçisinə qaytarılır. Pensiya təyinatı sektorunun məsləhətçisi təyin edilmiş əmək pensiyası sənədləri üzrə müvafiq məlumatları əks etdirən Pensiyaçının uçot vərəqini (7 nömrəli əlavə) tərtib edir və xüsusi jurnalda imzalanmaqla Maliyyə-uçot sektorunun məsləhətçi-mühasibinə təhvil verir.
Qaytanlanmış, səhifələri nömrələnmiş, şöbə müdiri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş həmin jurnal hər bir sahə üzrə aparılır.
Maliyyə-uçot sektorunun məsləhətçi-mühasibi həmin Pensiyaçının uçot vərəqi üzrə şəxsi hesab açır ( 8 nömrəli əlavə).
Şəxsi hesab açıldıqdan sonra Pensiya təyinatı sektorunun məsləhətçisi pensiya vəsiqəsini hazırlayıb komissiyanın qərarlarının qeydiyyatı jurnalında qeyd etməklə pensiyaçıya təqdim edir.
4.10. Komissiya tərəfindən pensiya təyin olunması barədə qərar qəbul olunduqdan 2 gün sonra Maliyyə-uçot sektorunun məsləhətçi-mühasibi tərəfindən şəxsi hesabların qeydiyyatı jurnalında müvafiq qeydiyyat aparılmaqla ödəniş müəssisəsinə tapşırıq vərəqəsi hazırlanır.
Тapşırıq vərəqəsi Maliyyə-uçot sektorunun məsləhətçi-mühasibi tərəfindən tərtib edildikdən sonra 1 iş günü ərzində Şöbə müdiri və Maliyyə-uçot sektorunun müdiri-baş mühasib tərəfindən təsdiq olunaraq ödəniş müəssisəsinə göndərilir ( 9 nömrəli əlavə).
V.Yaşayış yerini dəyişməklə və ya pensiyaçının vəfatı ilə əlaqədar pensiya işlərinin qeydiyyatdan çıxarılması və qəbul edilməsi qaydaları
5.1. Pensiyaçı yeni yaşayış yerinə köçməsi ilə əlaqədar Pensiyaçının uçot vərəqinin qeydiyyatdan çıxarılması haqqında şöbəyə ərizə verir. Pensiyaçıya köçdüyü ay da daxil olmaqla pensiya ödənilir, Pensiyaçının uçot vərəqinə və şəxsi hesaba pensiyanın ödənildiyi tarix və pensiyadan tutulma (əgər vardırsa) haqqında qeydlər edilir.
5.2. Pensiyaçının uçot vərəqinin hərəkətdən çıxarılması üçün ərizəyə 5 gün müddətində baxılır.
Qeydiyyatdan çıxarılma şöbə müdirinin sərəncamı əsasında aparılır. Sərəncam şöbə müdiri, Pensiya təyinatı sektorunun müdiri və Maliyyə-uçot sektorunun müdiri-baş mühasib tərəfindən imzalanıb möhürlə təsdiq edilir. Həmin gün ödəniş müəssisəsinə şəxsi hesabın bağlanaraq pensiya ödənişinin dayandırılması haqqında rəsmi göstəriş verilir.
5.3. Pensiyaçının vəfat etməsi ilə əlaqədar pensiyaçının uçot vərəqinin və şəxsi hesabının hərəkətdən çıxarılması aparıcı məsləhətçi-nəzarətçi mühasib tərəfindən hər ayın birinci həftəsində şəhər və rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlardan alınan məlumatlar üzrə Pensiya təyinatı sektorunun məsləhətçisi və Maliyyə-uçot sektorunun məsləhətçi-mühasibləri tərəfindən aparılır.
5.4. Qeydiyyata götürülmə pensiyaçının yeni yaşayış yerinə əvvəlki yaşayış yerindən köçməsi göstərilməklə ərizəsinə əsasən aparılır. Bu zaman pensiyaçı yeni yaşayış yerində yaşadığını təsdiq edən sənədləri təqdim edir (şəxsiyyət vəsiqəsi, faktiki yaşayış yerindən arayış və s.).
Pensiyaçının köçənə qədər qeydiyyatda olduğu şöbədən pensiyaçının uçot vərəqinin alınması üçün ərizənin verildiyi tarixdən 3 gün müddətində sorğu göndərilir.
Sorğunun göndərildiyi şöbənin müdiri 5 gündən gec olmamaqla pensiyaçının uçot vərəqinin poçtla göndərilməsini təmin edir.
5.5. Pensiyadan tutulmalar haqqında icra vərəqələri də pensiyaçının uçot vərəqi ilə birlikdə göndərilir. Göndərilmə məktubunun surəti sifarişli göndərilmə qəbzi ilə birlikdə şöbədə saxlanılır. İcra vərəqələrinin göndərilməsi haqqında əlaqədar şəxslərə və orqanlara məlumat verilir.
5.6. Pensiyanın ödənilməsinin yeni yaşayış yeri üzrə bərpa edilməsi pensiyaçının uçot vərəqi alındıqdan sonra şöbə müdirinin sərəncamı əsasında əvvəlki yaşayış yerində pensiyanın dayandırıldığı tarixdən aparılır.
Pensiyaçının uçot vərəqinin göndərilməsinə dair daxil olan sorğular, göndərilən pensiyaçının uçot vərəqinin qeydiyyatı şöbənin kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən ayrıca jurnalda aparılır. Bununla əlaqədar yazışmalar ayrıca qovluqda saxlanılır. Bu sənədləşmənin aparılmasına Pensiya təyinatı sektorunun müdiri nəzarət edir.
5.7. Pensiyaçı daimi yaşamaq üçün xarici ölkəyə köçdükdə, köçdüyü aydan sonrakı növbəti aydan ona əmək pensiyasının ödənişi dayandırılır. Pensiyaçının uçot vərəqi və şəxsi hesabı şöbədə saxlanılır.
5.8. Pensiya təminatı sahəsində hökumətlərarası ikitərəfli saziş olan ölkələrə köçmüş şəxslərin pensiya sənədləri müraciət əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən (surəti saxlanılmaqla) həmin ölkələrə göndərilır.
VI. Pensiya sənədlərinin saxlanılması qaydaları
6.1. Pensiya təyin olunması üçün şöbəyə daxil olan ərizələrin və komissiyanın qərarlarının qeydiyyatı jurnalları şöbənin kargüzarlıq işləri ilə məşğul olan şəxsdə saxlanılır.
6.2. Pensiya təyinatı sektorunun məsləhətçisi xidmət etdiyi ərazi üzrə hərəkətdə və uçotda olan Pensiyaçının uçot vərəqlərinin növlər üzrə sayı barədə hər rübdə bir dəfə Pensiya təyinatı sektorunun müdirinə, məsləhətçi-mühasib isə xidmət etdiyi ərazi üzrə hərəkətdə olan şəxsi hesabların sayı və məbləği göstərilməklə Maliyyə-uçot sektorunun müdiri - baş mühasibə rəsmi məlumat verir. Pensiya təyinatı sektorunun müdiri və Maliyyə-uçot sektorunun müdiri - baş mübasib alınan məlumatları bir həftə müddətində ümumiləşdirərək bu barədə şöbə müdirinə birlikdə məruzə edirlər.
6.3. Pensiyaçının uçot vərəqləri sahələr üzrə sıra nömrələri və ya əmək pensiyasının növləri, yaxud da əlifba sırası qaydasında ayrılmaqla şöbədə saxlanılır.
6.4. Qocalar və əlillər üçün internat evlərində yaşayan pensiyaçılara məxsus Pensiyaçının uçot vərəqi həmin internat evlərinin yerləşdiyi ərazi üzrə, cəzaçəkmə müəssisələrində cəza çəkənlərin Pensiyaçının uçot vərəqi həmin müəssisələrin yerləşdiyi ərazi üzrə, pensiyaçı psixatriya xəstəxanasında müalicə olunduqda isə qəyyumun yaşadığı ünvan üzrə şöbədə saxlanılır.
6.5. Ödənişdən çıxarılan Pensiyaçının uçot vərəqi ödənişi davam etdirilən Pensiyaçının uçot vərəqlərindən ayrılıqda mühafizə olunur. Bu sənədlər əlifba sırası ilə şöbənin arxiv kitabında qeydiyyata alınır və saxlanılır.
6.6. İldə bir dəfədən az olmayaraq şöbə müdirinin əmri əsasında şöbədə pensiyaçının uçot vərəqi ilə şəxsi hesabların inventarizasiyası (üzləşdirilməsi) aparılır.
İnventarizasiyanın nəticələri haqqında akt tərtib olunur və inventarizasiya komissiyasının üzvləri tərəfindən imzalanır. Aktda invetarizasiyanın aparıldığı tarix, inventarizasiyanı aparan şəxslərin soyadı, adı, və atasının adı, aşkar olunmuş hər bir nöqsan konkret göstərilir.
6.7. İnventarizasiya haqqında pensiyaçının uçot vərəqinin arxa hissəsində inventarizasiyanın aparılması tarixi göstərilir, inventarizasiya aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq olunur.
6.8. Pensiyaçının uçot vərəqinin saxlanılmasına Pensiya təyinatı sektorunun məsləhətçiləri məsuliyyət daşımaqla, Pensiya təyinatı sektorunun müdiri nəzarət edir.
6.9. Pensiya təyin edilməsindən imtina edilmiş sənədlər də şöbənin arxivində saxlanılır. Bu işlərdə aşağıdakı sənədlər olmalıdır:
-pensiya təyin olunmasının rəddetmə protokolu;
- əmək stajının şahid ifadələrinə əsasən müəyyənləşdirilməsi üzrə protokol;
-ərizəçi tərəfindən təqdim edilmiş və ya şöbənin işçiləri tərəfindən tərtib olunmuş sənədlərin surəti, yaxud onlardan çıxarış (əmək kitabçası və s.);
-pensiya təyin olunmasının rəddetmə protokolunun surəti, yaxud digər sənədlər ərizəçiyə poçt vasitəsilə qaytarıldıqda, qaytarılan sənədlərin adı və sayı göstərilməklə ərizənin arxa tərəfində poçt vasitəsilə sifarişlə göndərilmə qəbzinin nömrə və tarixi qeyd edilir.
6.10. Əmək pensiyası sənədləri müəyyən olunmuş qaydada Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən arxivləşdirilir.
6.11. Hərəkətdən çıxarılmış Pensiyaçının uçot vərəqləri şöbədə aşağıdakı müddətdə saxlanılır:
yaşa görə - 20 il;
ailə başçısını itirməyə görə - 10 il;
əcnəbilərin, eləcə də xaricdə yaşayan vətəndaşlar üzrə Pensiyaçının uçot vərəqləri - daimi.
Əlilliyə görə pensiyanın ödənilməsi dayandırıldıqdan sonra Pensiyaçının uçot vərəqlərinin saxlanılma müddəti pensiyaçının yaşı nəzərə alınmaqla hesablanır. Əlillik müddəti qurtardıqda belə işlərin saxlanılma müddəti yaşa görə pensiya almaq üçün müraciət etmək hüququ verən müəyyən edilmiş yaş həddi ilə pensiyaçının yaşı arasındakı fərqə bərabər müddətdə müəyyən olunur.
Pensiyaçının uçot vərəqi üzrə şəxsi hesablar şöbədə10 il saxlanılır.
Pensiyaçının uçot vərəqinin və şəxsi hesabların saxlanılma müddəti pensiya ödənilməsi dayandırılan ildən hesablanır.
Əmək pensiyasının təyin edilməsinə dair rədd edilən müraciətlər şöbədə 10 il, əmək pensiyası təyin edilməsinə dair müraciətlər əmək pensiyası sənədləri ilə birlikdə onların və Pensiyaçının uçot vərəqinin göndərilməsi haqqında yazışmalar 10 il, pensiya təyin edən komissiyanın qərarlarının qeydiyyatı jurnalları 40 il, pensiya vəsiqəsinin verilməsinin uçotu kitabı 15 il, pensiyanın təyin edilməsi və ödənişi ilə əlaqədar ərizələr, şikayətlər və yazışmalar 3 il, pensiya məsələləri üzrə ərizə və şikayətlərin qeydiyyatı kitabı (və ya kartoteka) 3 il saxlanılır.
6.12. Hərəkətdən çıxarılmış Pensiyaçının uçot vərəqlərinin və digər sənədlərin şöbədə saxlanılma müddəti qurtardıqdan sonra həmin sənədlərin mühafizəsi, saxlanılması və ya məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş «Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası» ilə tənzimlənir.
|