AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanunu. Dəyişikliklər
Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Fərdi uçot anlayışı
Fərdi uçot — Azərbaycan Respublikası qanunvericiliyinə uyğun pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
Maddə 2. Fərdi uçotun məqsədləri
2.0. Fərdi uçotun məqsədləri aşağıdakılardır:
2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması;
2.0.2. pensiya təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, əməkhaqqı (gəlir) və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi;
2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığorta olunanların maraqlarının artırılması;
2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarına köçürülməsinə nəzarət etmək üçün sığorta olunanlara şərait yaradılması;
2.0.5. sığorta olunanlara pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyin olunma müddətinin tezləşdirilməsi;
2.0.6. hər bir işəgötürən tərəfindən fərdi uçot üçün hesablanan və köçürülən məcburi dövlət sosial-sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması.
Maddə 3. Fərdi uçotun təşkilinin əsas prinsipləri
3.0. Fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir:
3.0.1. dövlət sosial təminat sistemində sığorta olunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması;
3.0.2. hər bir sığorta olunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi;
3.0.3. sığorta olunanlar barədə məlumatlardan pensiya təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması;
3.0.4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması;
3.0.5. sığorta olunanın bütün əmək fəaliyyəti dövründə fərdi uçotun həyata keçirilməsi.
II fəsil. Fərdi uçotun təşkili
Maddə 4. Fərdi uçotu həyata keçirən orqan
Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.
Maddə 5. Sığorta olunanın fərdi şəxsi hesabı
5.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığorta olunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır.
5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:
5.2.1. sosial sığorta nömrəsi;
5.2.2. adı, atasının adı, soyadı (sığorta olunanın doğulduğu dövrdəki soyadı göstərilməlidir);
5.2.3. doğulduğu il, ay, gün;
5.2.4. doğulduğu yer;
5.2.5 cinsi;
5.2.6. daimi yaşadığı yerin ünvanı;
5.2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi;
5.2.8. vətəndaşlığı;
5.2.9. telefon nömrəsi;
5.2.10. dövlət əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı , o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti;
5.2.11. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və ya gəlir (sığorta stajının hər ayı üçün);
5.2.12. işəgötürən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və köçürülmüş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);
5.2.13. işsizliyə görə müavinət ödənildiyi müddətlər;
5.2.14. məcburi dövlət sosial sığorta haqları hesablanmayan, lakin ümumi əmək stajına daxil edilən hərbi xidmət, təhsil və qanunvericilikdə nəzərdə tutulan digər müddətlər;
5.2.15. pensiyanın təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.
5.3. Sığorta olunan fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dəqiqləşdirilməlidir.
5.4. Sığorta olunan fərdi şəxsi hesabı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığorta olunanın bütün ömrü boyunca, ölümündən sonra isə pensiya işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.
5.5. Sığorta olunan öldükdə, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.2 — 5.2.7-ci maddələrində olan məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.
5.6. Sığorta olunan fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır.
Maddə 6. Dövlət sosial sığorta şəhadətnaməsi
6.1. Dövlət sosial sığorta şəhadətnaməsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.1 — 5.2.5-ci maddələrinə uyğun olaraq sosial sığorta şəhadətnaməsinin hazırlanmasını və sığorta olunana verilməsini təmin edir.
6.3. Sığorta olunan (o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs) dövlət sosial sığorta şəhadətnaməsini fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından alır.
6.4. Ailə başçısını itirməyə görə pensiya alan yetkinlik yaşına çatmamış şəxslər istisna olunmaqla, qanunvericiliyə uyğun olaraq müvafiq əmək fəaliyyəti yaşı həddinə çatmayanlar məcburi dövlət sosial sığortasının subyekti ola bilməzlər.
6.5. Sığorta olunanların bu Qanunun 5.2.2 — 5.2.5-ci maddələrində göstərilmiş məlumatlarında dəyişiklik olduqda, həmin dəyişikliklər bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunan qaydalar üzrə onun fərdi şəxsi hesabında öz əksini tapmalıdır. Bu halda dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığorta olunana həmin sosial sığorta nömrəsi ilə yeni dövlət sosial sığorta şəhadətnaməsini (əvvəlcə verilənin əvəzinə) verir.
6.6. Dövlət sosial şəhadətnaməsi itirildiyi halda:
6.6.1. sığorta olunan (o cümlədən fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs) dövlət sosial sığorta şəhadətnaməsi itirildiyi gündən bir ay müddətində onun bərpası barədə ərizə ilə fəaliyyət göstərdiyi ərazi üzrə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir;
6.6.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığorta olunana dövlət sosial sığorta şəhadətnaməsinin itirilməsi barədə ərizəsinə əsasən, müraciət olunduğu gündən bir ay müddətində onun adına açılmış fərdi şəxsi hesabın nömrəsilə həmin sosial sığorta şəhadətnaməsinin dublikatı şəxsən verilir. Bu məsələnin həlli üçün dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığorta olunandan bu Qanunun 5.2-ci maddəsində göstərilən məlumatları əlavə tələb etmək hüququna malikdir.
6.7. Yeni dövlət sosial sığorta şəhadətnaməsinin (itirilmişin əvəzinə) alınması barədə sığorta olunanın ərizəsinin forması və təqdim olunma qaydası dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Sığorta olunanlar haqqında məlumatların təqdim olunmasının ümumi qaydaları
7.1. İşəgötürən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları qeydiyyatdan keçdikləri dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
7.2. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxs özü haqqında məlumatları qeydiyyatdan keçdiyi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına şəxsən təqdim edir.
7.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına, onun tərəfindən təsdiqlənmiş sənəd formalarına və təlimatlara müvafiq surətdə təqdim olunur.
7.4. Göstərilən məlumatlar həm yazılı sənəd formasında, həm də məlumatın düzgünlüyünə, eləcə də icazə olmadan əldə edilməkdən və təhrif olunmaqdan mühafizəsinə zəmanət olunduğu halda elektron formada (maqnit daşıyıcılarında və rabitə kanalları ilə) təqdim edilə bilər. Bu halda təqdim olunan sənədlərin hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə elektron rəqəmlə ifadə olunmuş imza ilə təsdiq olunmalıdır. İnformasiyanın elektron formada təqdim olunmasının mümkünlüyü məsələsi dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı və hər bir sosial sığorta ödəyicisi ilə birgə həll olunur.
7.5. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan məlumatların surətləri işəgötürəndə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsdə saxlanılır. Bu sənədlərin işəgötürəndə saxlanılması mühasibat uçotu və hesabatı sənədlərinin saxlanılması üçün müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir.
III fəsil. Sığorta olunanın, işəgötürənin və dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquq və vəzifələri
Maddə 8. Sığorta olunanın hüquq və vəzifələri
8.1. Sığorta olunan aşağıdakı hüquqlara malikdir:
8.1.1. yaşayış və ya iş yeri üzrə dövlət sosial sığortası sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında fərdi şəxsi hesabında yazılan məlumatları almaq;
8.1.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına onun özü haqqında fərdi uçot üçün işəgötürənin təqdim etdiyi məlumatların surətini işəgötürəndən almaq;
8.1.3. fərdi şəxsi hesabına yazılan məlumatlarla razı olmadığı hallarda həmin məlumatların dəqiqləşdirilməsi barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya işəgötürənə ərizə ilə müraciət etmək;
8.1.4. bu Qanunla müəyyən olunmuş qaydada fərdi şəxsi hesabında yazılan məlumatlar dəyişdikdə, ərizə ilə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya işəgötürənə müraciət etmək.
8.2. Sığorta olunanın aşağıdakı vəzifələri vardır:
8.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmək;
8.2.2. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Qanuna əsasən onun fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları təqdim etmək;
8.2.3. dövlət sosial sığorta şəhadətnaməsini almaq, onu saxlamaq və işgötürənin, fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələbinə görə təqdim etmək.
Maddə 9. İşəgötürənin hüquq və vəzifələri
9.1. İşəgötürən aşağıdakı hüquqlara malikdir:
9.1.1. sığorta olunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək;
9.1.2. sığorta olunanlar haqqında verilmiş məlumatları dəqiqləşdirmək, onlara əlavələr etmək və bu barədə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat vermək.
9.2. İşəgötürənin vəzifələri aşağıdakılardır:
9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığorta olunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək;
9.2.2. hər bir sığorta olunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək;
9.2.3. sığorta olunan dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq.
Maddə 10. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquq və vəzifələri
10.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hüquqlara malikdir:
10.1.1. İşəgötürəndən və sığorta olunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək;
10.1.2. İşəgötürənin, eləcə də fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxsin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;
10.1.3. işəgötürənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək.
10.2. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri aşağıdakılardır:
10.2.1. İşəgötürən və sığorta olunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək;
10.2.2. sığorta olunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək;
10.2.3. pensiya təyin edən orqana, onun sifarişinə əsasən, pensiya təyin olunması barədə ərizə vermiş sığorta olunanın fərdi şəxsi hesabındakı məlumatları təqdim etmək;
10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.
IV fəsil. Yekun müddəalar
Maddə 11. Fərdi uçot məsələləri üzrə mübahisələrin həll edilməsi qaydası
Dövlət sosial sığorta sistemində fərdi uçot məsələləri üzrə yaranan mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.
Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 27 noyabr 2001-ci il
№ 221-IIQ
|