|
08.07.2010
Rəsmi xəbərlər

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
İyulun 8-də Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Dövlətimizin başçısı müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesini izləyib.
İyulun 8-də Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində "İntertobakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Prezident İlham Əliyev müəssisəni işə salıb. Dövlətimizin başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxıb, kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev iyulun 8-də Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdən sonra xatirə şəkli çəkdirilib.
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonuna səfərə gəlib.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısı abidənin yerləşdiyi ərazidən rayon mərkəzinin ümumi mənzərəsini seyr edib.
Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və dördulduzlu mehmanxana ilə yaxından tanış olub. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
İyulun 8-də Prezident İlham Əliyev "Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Bildirilib ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulub. Prezident İlham Əliyev su elektrik stansiyasının təməlini qoyub.
İyulun 8-də Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Balakənin idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti idmançılarla görüşüb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub. Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
İyulun 8-də Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib. Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Prezident Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İyulun 8-də Prezident İlham Əliyev Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış olub.
Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da olub. Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
İyulun 8-də Zaqatala və Balakən rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev Bakıya qayıdıb.
|
|