|
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
FƏRDİ UÇOTUN MƏQSƏDLƏRİ:
•Dövlət sosial sığortasının həyata keçirilməsi və təkmilləşdirilməsi;
• pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması;
• pensiya təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, əmək haqqı (gəlir) və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi;
• məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması;
• ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarına köçürülməsinə nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması;
• sığortaolunanlara əmək pensiyalarının təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi;
• hər bir işəgötürən tərəfindən fərdi uçot üçün hesablanan və köçürülən məcburi dövlət sosial sığorta haqları ilə fərdi şəxsi hesablarda əks olunan məbləğin uyğunlaşdırılması;
• gələcəkdə pensiyaların maliyyələşdirilməsinə yönəldiləcək xərclərin proqnozlaşdırılması üçün informasiya təminatı, sosial sığorta haqları tariflərinin müəyyənləşdirilməsi;
• dövlət pensiya təminatına aid olan makroiqtisadi göstəricilərin hesablanması.
Göründüyü kimi fərdi uçot sisteminin qurulması vətəndaşların pensiya təminatının yaxşılaşdırılması və dövlət pensiya sisteminin idarə olunmasının təkmilləşdirilməsi üçün çox zəruridir.
Bu sistemin Azərbaycan Respublikasında qurulması üçün müəyyən qanunvericilik bazası artıq işlənib hazırlanmışdır.
Belə ki, 2001-ci il 27 noyabr tarixində "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, bu Qanunun tətbiq edilməsi üçün Azərbaycan Respublikası Prezidenti 2001-ci il 26 dekabr tarixli Fərman imzalamışdır.
"Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli Qərarı çıxarılmışdır.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun dəvəti və İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Dünya Bankının sosial müdafiə sistemlərinin informasiya texnologiyaları üzrə məsləhətçisi 2003-cü il may ayında Bakıya dəvət edilmiş və onun tərəfindən 2 ay müddətində "Azərbaycan Respublikasının sosial müdafiə sistemində şəxsi sığorta hesabları" layihəsi işlənib hazırlanmışdır ki, respublikamızda fərdi uçot sisteminin qurulmasının həmin layihə əsasında həyata keçirilməsi nəzərdə tutulur.
2003-cü il sentyabr ayının 17-də Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi" layihəsinin həyata keçirilməsinin təmin edən sənəd imzalanmışdır.
Bu layihə üzrə vakansiyalar elan edilmiş, 3 mərhələli seçim keçirildikdən sonra 690 ərizəçinin arasından 12 ən layiqli olanları seçilərək işə götürülmüşlər.
Layihənin həyata keçirilməsi üzrə yaradılmış İşçi qrupu 2003-cü il noyabr ayının 1-dən öz fəaliyyətinə başlamışdır.
FƏRDİ UÇOT KİMİN ÜÇÜNDÜR?
Əziz vətəndaşlar!
Hazırda işlədiyiniz dövrlərdə sizin əmək haqqınızdan 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Eyni zamanda, işəgötürən tərəfindən də aldığınız əmək haqqının 22%-i miqdarında sizin pensiya təminatınız üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Əgər siz qeyri-dövlət sektorunda işləyirsinizsə bu halda yaşlı dövrünüzün maddi təminatının məsuliyyəti tamamilə öz üzərinizdədir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2001-ci il 17 iyul tarixdə "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası" imzalanmışdır.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 2006-cı il 01 yanvar tarixli
Qanununa əsasən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunacaqdır.
Bu nə deməkdir?
Fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin olunacaq pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olacaqdır.
Ona görə də işləməyə başlayarkən
• "Əmək kontraktı"nı imzalamalısınız (əmək məcəlləsinin 48-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla));
• Aldığınız əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalısınız;
• İşlədiyiniz dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalısınız;
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu olaraq sizi məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməyə çağırırıq.
Əks halda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarını ödəməməyə (və ya ödənilməsindən yayınmağa) görə maliyyə sanksiyaları tətbiq edilməklə məcburi dövlət sosial sığortaya ayrılacaq vəsait cərimələrlə alınacaqdır.
FƏRDİ UÇOTUN TƏTBİQİNDƏN SONRA ƏLDƏ OLUNACAQ NƏTİCƏLƏR
Sığortaolunan üçün:
Sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və stajı barədə Dövlət Sosial Müdafiə Fondundan düzgün arayışın alınması təminatı yaranır. İşləyənlərin belə sxemlə məlumatlandırılması onların gəlirləri barədə məlumatların tam və düzgün əks etdirilməsinə dair məsələlərin işəgötürənlə əmək fəaliyyəti başa çatandan sonra əmək pensiyası təyinatı aparılanda deyil konkret olaraq əmək fəaliyyəti dövründə tənzimləməsini reallaşdırmağa təkan verəcək;
Əmək pensiyası təyinatı fərdi uçot sistemində toplanmış məlumatlar (hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və sığorta stajı) əsasında aparılacağı üçün vətəndaş lazımsız vaxt itkisi və müxtəlif arayışlar toplamaqdan azad olacaqdır;
Dövlət üçün:
Fərdi uçot sisteminin tətbiqi aşağıdakılara təsir göstərməyə imkan verəcəkdir:
Məcburi dövlət sosial sığorta haqqı ödəyicilərdən daxil olan maliyyə və informasiya resurslarının uyğunluğunu təhlil edən kompleks təhlil və nəzarət mexanizminin təkmilləşdirilməsi;
İşəgötürənlərin ödəmə intizamının artırılmasına;
Sığortaolunanların sayının və Dövlət Sosial Müdafiə Fonduna ödənilən məcburi dövlət sosial sığorta haqqının həcminin artırılmasına;
Sosial gərginliyin səviyyəsinin azaldılmasına;
Hazırda işləyən vətəndaşlardan toplanan məcburi dövlət sosial sığorta haqlarının strukturu və həcmi haqda dürüst məlumatlar əsasında pensiya təminatı sisteminin makroiqtisadi göstəricilərinin yaxın və uzaq gələcək üçün proqnozlaşdırma modellərinin reallaşdırılmasına və sığorta olunan vətəndaşların pensiya hüquqlarının maddi təminat üçün istifadə olunmasına.
Əmək pensiyası üç hissədən ibarət olacaq:
1. baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır;
2. sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir;
3. yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.
|